Türkiyənin “Qalatasaray” klubunun yarımmüdafiəçisi Aleksandru Çikaldau Super Liqanın digər təmsilçisi “Konyaspor”a keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Konya təmsilçisi 26 yaşlı rumın futbolçunu qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.
Xatırladaq ki, Aleksandru Çikaldau 2021-ci ilin yayında 6.5 milyon avro qarşılığında “Qalatasaray”a gəlmişdi. O, İstanbul təmsilçisində 41 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu ötən mövsümü Birləşmiş Ərəb Əmirliklərinin “Əl-İttihad” (Kalba) komandasında icarədə keçirib. Çikaldau karyerası ərzində “Universitatya Krayova” və “Farul Konstanta” kimi klubların da şərəfini qoruyub. O, Rumıniya yığmasında da 29 oyun keçirib, 4 qol vurub.
“Konyaspor”dan daha 4 transfer
“Konyaspor” heyətinə daha dörd yeni futbolçu cəlb edib. Onlardan biri bu yay Fransanın “Nitsa” klubundan azad agent kimi ayrılmış yarımmüdafiəçi Morqan Şnederlendir. Fransadan olan 33 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
Yarımmüdafiəçi 2020-ci ilin yayından “Nitsa”da forma geyinirdi. O, bu komandada cəmi 59 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu daha öncə “Strasburq”, “Sauthempton”, “Mançester Yunayted”, “Everton” kimi klublarda da forma geyinib. Şnederlen son mövsümü icarə əsasında Avstraliyanın “Vestern Sidney Uonderers” klubunda icarədə keçirib. O, Fransa yığmasında da 15 oyuna çıxıb.
Fransanın “Anje” klubunun qapıçısı Pol Bernardoni də “Konyaspor”a keçib. 26 yaşlı fransız qolkiper də yeni klubu ilə 2 illik müqavilə bağlayıb. 2020-ci ildən “Anje”də çıxış edən Bernardoni bu komandada 82 oyuna çıxıb, 142 qol buraxıb, 18 “quru” matç keçirib. O, karyerası ərzində “Olimpik” (Nim), “Klermon”, “Sent Etyen”, “Trua”, “Bordo” kimi klubların da formasını geyinib, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.
“Konyaspor” “Kasımpaşa”nın yarımmüdafiəçisi Yunus Mallını da heyətinə qatıb. 31 yaşlı futbolçu Konya təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. O, ötən yay qoşulduğu “Kasımpaşa”da cəmi 11 matça çıxıb və 1 qolla yadda qalıb. Təcrübəli futbolçu “Maynts”, “Volfsburq”, “Trabzonspor”, “Union Berlin” kimi klubların da formasını geyinib. Almaniyada dünyaya göz açmış, bu ölkənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu 2015-ci ildən Türkiyə millisində forma geyinməyə başlayıb. O, “ay-ulduzlular”ın heyətində 25 matç keçirib, 1 qol vurub.
“Konyaspor” ötən mövsümün ikinci dövrəsində Fransanın “Trua” klubundan icarəyə götürdüyü kolumbiyalı hücumçu Marlos Morenonun da transfer hüquqlarını alıb. Klubun bu keçid üçün nə qədər ödədiyi açıqlanmasa da, 26 yaşlı forvardla 2+1 illik sözləşmə imzalanıb.
Ölkəsinin “Atletiko Nasional” klubunun yetirməsi olan Marlos, 2016-cı ildə 5.5 milyon avro qarşılığında “Mançester Siti”yə transfer olunsa da, heç vaxt bu klubun əsas komandasında oynamayıb. Əvəzində o, “Deportivo”, “Jirona”, “Flamenqo”, “Santos Laquna”, “Portimonense”, “Lommel”, “Kortreyk” və “Trua” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. Moreno Kolumbiyanın əsas yığmasında 8 oyun keçirib, 1 qol vurub.
“Qarabağ”ın sabiq qapıçısı Səudiyyə Ərəbistanına üz tutdu
“Konyaspor” qapıçısı İbrahim Şehiçlə də yollarını ayırıb. Vaxtilə Azərbaycan çempionu “Qarabağ”da da oynamış təcrübəli qolkiper Səudiyyə Ərəbistanının “Əl-Xalec” klubuna keçib. Bosniya və Herseqovina yığmasının üzvü 2020-ci ildən formasını geyindiyi Konya klubunda 99 oyun keçirib, 119 qol buraxıb, 30 “quru” matçı olub. O, 2013-2018-ci illər aralığında “Qarabağ”da forma geyinib. Bosniyalı futbolçu “Jelezniçar”, “Ərzurumspor” və “Mersin Talımyurdu” klublarında da oynayıb, ölkəsinin millisində 50 matç keçirib.


