Aleksey İsayev Azərbaycan millisinin düşərgəsini tərk etdi

“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey İsayev hazırda Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətindən çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub. Belə ki, Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzində başqa futbolçuya ehtiyac duyulmayıb.

Yeri gəlmişkən, Azərbaycan milli komandasının “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan və Bolqarıstan yığmalarına qarşı keçirəcəyi oyunlardan əvvəl baş tutacaq mətbuat konfransı və açıq məşqlərin vaxtları açıqlanıb. Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Monqolustan ilə oyundan əvvəlki mətbuat konfransı və açıq məşq martın 21-də baş tutacaq. Bolqarıstanla oyundan əvvəlki mətbuat konfransı və açıq məşq isə ayın 24-də keçiriləcək.

21 mart

Monqolustan
10:00. Mətbuat konfransı
10:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan
16:30. Mətbuat konfransı
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

24 mart

Azərbaycan
16:30. Mətbuat konfransı
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Bolqarıstan
18:00. Mətbuat konfransı
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, məşqlər və mətbuat konfransları Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Millimiz martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək hər iki oyuna saat 20:00-da start veriləcək.