Son iki mövsümdə icarə əsasında “Sabah”da forma geyinmiş ukraynalı futbolçu Aleksey Kaşuk paytaxt klubu ilə vidalaşıb.
Arena.az xəbər verir ki, müqavilə ilə məxsus olduğu Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna qayıdan 23 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycanda gözəl vaxt keçirdiyini bildirən yarımmüdafiəçi buna görə minnətdarlığını dilə gətirib:
“Əla vaxt keçirdiyim, unudulmaz anlar və emosiyalar yaşadığım “Sabah”dan ayrılıram. Böyük komanda, böyük insanlarla vidalaşmaq çətin və emosional olur. “Sabah” rəhbərliyinə, məşqçilərinə, həkimlərə, fizioterapevtlərə, bütün klub işçilərinə təşəkkür edirəm. Onların sayəsində özümü çox sevilən və əziz hiss edirəm. Hər şeydən çox ötən il mənimlə paltardəyişmə otağını paylaşan futbolçuları qucaqlayıram. Təbii ki, həm meydanda, həm də ondan kənarda həmişə xüsusi sevgi və yaxınlıq hiss etdiyim azarkeşlərə minnətdarlıq etməyi də unutmuram”.
Kaşuk həm özünün, həm də ailəsinin Azərbaycandan sevgi ilə ayrıldığını vurğulayıb: “Bir il birlikdə çox sevinc, xoşbəxtlik paylaşdıq. Klubun hədəflərinə çatmasına kömək etmək üçün gəlmişdim. Azarkeşlərin də dəstəyi ilə buna nail olduq. Ailəm və mən bu klubda, ölkədə gördüyümüz qarşılanmaya, sevgiyə görə sonsuza qədər minnətdar olacağıq”.
Ukrayna millisinin üzvü “Sabah”la yenidən yollarının kəsişəcəyinə inanır: “Yollarımız ayrılsa da, özümü həmişə “Sabah” ailəsinin üzvü kimi hiss edirəm. Doğma “Sabah”ıma gələn mövsümdə uğurlar arzulayıram. Mütləq yenidən görüşəcəyik. İndi məni yeni çağırış gözləyir. Ancaq həmişə bu klubu sevəcəyəm, dəstəkləyəcəyəm. Siz həmişə qəlbimdə qalacaqsınız. Çox sağ olun”.
Xatırladaq ki, Aleksey Kaşuk 2022-ci ilin martından “Sabah”da forma geyinirdi. Paytaxt klubu geridə qalan mövsümün əvvəlində yenidən onu sıralarına qaytarmışdı. Kaşuk bu komandanın heyətində bütövlükdə 41 oyun keçirib, 18 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Geridə qalan mövsümdə isə o, 33 oyun keçirib, 16 qol vurub, 10 assistlə yadda qalıb. Daha öncə “Mariupol”da da oynamış yarımmüdafiəçi Ukraynanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinib.
“Sabah” geridə qalan mövsümü ikinci pillədə başa vuraraq, Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb.


