Aleksey Kaşuk tarixə düşdü – Samir Abasovdan ikiqat yubiley

Futbol üzrə Azərbaycan Premyer Liqasının 32-ci turu “Sabah”ın yarımmüdafiəçisi Aleksey Kaşuk üçün əlamətdar olub. Arena.az xəbər verir ki, “Sabah” 32-ci turda “Şamaxı”nı qəbul edib.

Bakı klubu məhz Aleksey Kaşukun 8-ci dəqiqədə vurduğu qolla bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Bu, ukraynalı legionerin cari mövsüm rəqib qapısından keçirdiyi 15-ci top olub. Kaşuk bununla da Azərbaycan çempionatları tarixində bir mövsümdə ən çox qol vuran ukraynalı futbolçu adına şərik çıxıb.
O, Leonid Kalfaya məxsus rekordu təkrarlayıb. “Neftçi”də çıxış etmiş ukraynalı 1998/99 mövsümündə eyni məhsuldarlıq nümayiş etdirib. Kalfa həmin vaxt 24 oyun keçiribsə, Kaşuk 27-ci matçında 15-ə çatıb.

Bir mövsümdə ən çox qol vuran ukraynalı legionerlərin siyahısında rekordçuların ardınca 12 dəfə fərqlənən Viktor Kulikov (“Şəmkir”, 1999/2000) və Vladimir Mazyar (“Simurq”, 2008/09) yer alıb.

Xatırladaq ki, müqavilə ilə Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna məxsus olan Aleksey Kaşuk “Sabah”da icarə əsasında çıxış edir. O,
2022-ci ilin martından formasını geyindiyi Azərbaycan təmsilçisində 37 oyuna çıxıb. 22 yaşlı vinger bu oyunlarda 17 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Premyer Liqanın 32-ci turu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov üçün də əlamətdar olub. Bu turda “Kəpəz”in qonağı olan “Sumqayıt” 1:0 hesabı ilə qalib gəlib. Nəticədə “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasov Premyer Liqada 75-ci uğura sevinib. 45 yaşlı mütəxəssis buna 190-cı matçında nail olub. Onun rəhbərliyi altında “Sumqayıt” 36, “Neftçi” 31, “Zirə” 8 dəfə üç xal əldə edib. O, Azərbaycan çempionatları tarixində 75 və daha çox matçda qələbə sevinci yaşayan 14-cü baş məşqçidir.

Abasovun rəhbərliyi altında 122-ci qarşılaşmaya çıxan “Sumqayıt” 40-cı dəfə qalib gəlib. Bunlardan 36-sı çempionat, 4-ü kuboka təsadüf edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: