Aleksey Kaşuk yenidən “Sabah”da!

Ukraynanın “Şaxtyor” (Donetsk) klubunin yarımmüdafiəçisi Aleksey Kaşuk yenidən “Sabah”a qayıdıb. Arena.az xəbər verir ki, sözügedən klub 22 yaşlı futbolçunu icarəyə götürüb.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə yarımmüdafiəçi Aleksey Kaşukun icarəsi ilə bağlı razılıq əldə olunub. Müqaviləyə əsasən, ukraynalı futbolçu cari mövsümün sonuna kimi “Sabah”ın uğurları üçün çalışacaq.

Aleksey Kaşuk 2021/22-ci illər mövsümündə də “Sabah”ın formasını geyinib. Ukraynalı yarımmüdafiəçi ötən mövsüm bu komandanın heyətində Premyer Liqada 8 oyun keçirib, 2 qola imza atıb.

“Sabah” daha öncə Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov, Namik Ələskərov, Con İrasabal, Abdulaye Ba və Emmanuel Apehi də transfer etmişdi. Paytaxt klubu “Qəbələ”də icarədə olan Nicat Mehbalıyevi də geri qaytarıb. Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov, Bəxtiyar Həsənalızadə və Ceyhun Nuriyevlə isə yeni müqavilə bağlayıb.

Bu yay “Sabah”dan gedən futbolçuların siyahısı isə belədir: Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes, Səlahət Ağayev, Xuan Kamara, Mixail Erqemlidze, Lukas Rangel, Hiqor Qabriel. Samir Məhərrəmli (“Kəpəz”), Veysəl Rzayev, Şakir Seyidov, Nazim Həsənzadə (hamısı “Turan Tovuz”), Abdulla Rzayev və Kamran Quliyev (hər ikisi “Şamaxı”) isə icarəyə göndərilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: