Rusiya yığmasının və “Atlanta Yunayted”in yarımmüdafiəçisi Aleksey Mirançuk Amerika Birləşmiş Ştatlarındakı həyatından söhbət açıb.
Arena.az 29 yaşlı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Rusiyadan sonra, ətrafında dostlar, işlərin olduğu tanışlar olmayanda, onsuz da çətindir. Komanda yoldaşlarınla hansısa münasibətlər qurursan, nahar edirik, şam edirik, amma ailə və yaxın adamlar olmadıqda, azacıq ağırdır, darıxırsan”, deyə Mirançuk vurğulayıb.
Mirançuk Amerikadakı həyatını bircə kəlmə ilə ifadə etmək də xahiş olunduqda isə o, bu cavabı verib:
“Müntəzəmlik… Əslində, düzü, heç özüm də bilmirəm”.
Aleksey Mirançuk “Atalanta”da çıxış edərkən baş məşqçisi olmuş italyan mütəxəssis Can Pyero Qasperini haqda da söhbət açıb:
“Qasperini ilə ən yaxşı münasibətdəyəm. Artıq yeni müqavilə imzalamışdım, amma vizamın alınması mərhələsi uzanırdı, onda onunla vidalaşanda, o, mənə: “Aleks, bizimlə məşq edə bilərsən, istədiyin vaxt gələ bilərsən, qapılarımız sənə açıqdır”, demişdi. Qasperininin öz baxışı, öz duyğusu var. O, heç vaxt heç nəyi izah etmir. O, oyunçularla sanki heç vaxt danışmır”, deyə Mirançuk bildirib.
Xatırladaq ki, “Atlanta Yunayted” Aleksey Mirançuku 2024-cü ilin yayında İtaliyanın “Atalanta” klubundan 12 milyon avro qarşılığında heyətinə qatıb. 28 yaşlı rusiyalı futbolçu MLS təmsilçisi ilə 2027-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Anlaşmada müqavilənin müddətinin daha bir il uzadılması şərti də nəzərdə tutulub. Mirançuk indiyə qədər “Atlanta”da 22 oyuna çıxıb, 4 qol və 4 assistlə yadda qalıb.
Mirançuk daha öncə İtaliyada “Torino” və “Atalanta”da forma geyinib. Yetirməsi olduğu Moskva “Lokomotiv”ində də oynamış yarımmüdafiəçi, Rusiya yığmasında 45 oyuna 7 qola imza atıb, 7 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.