“Liverpul” Premyer Liqanın digər təmsilçisi “Brayton”un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allister ilə müqavilə imzaladığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu haqda “Liverpul”un rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçu tibbi müayinədən uğurla keçərək, şəxsi müqaviləsinin şərtlərini klubla razılaşdırıb. Argentinalı oyunçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Futbolçu bu yeni kluba keçidi haqda fərəhlə danışıb:
“Bu, heyrətamizdir hissdir, bu, çin olmuş arzudur. Klubum üçün oyuna başlamağa səbrsizəm. Mövsümqabağı hazırlığın ilk günündən komandaya qoşulmaq istəyirdim, yaxşı ki, hər şey məhz belə oldu. Komanda yoldaşlarımla görüşməyi səbirsizliklə gözləyirəm.
Bu il mənim üçün fantastik idi – Dünya çempionatında qələbə, “Brayton”la əldə etdiklərimiz… Amma indi “Liverpul” haqqında düşünmək və hər gün daha yaxşı oyunçu və daha yaxşı insan olmağa çalışmağın zamanıdır”.
Xatırladaq ki, 2022/2023 mövsümündə Aleksis “Brayton”un heyətində 40 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Aleksis Mak Allister 2019-cu ildə Argentinanın “Arxentinos Xuniors” klubundan 8 milyon avro qarşılığında “Brayton”a keçmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 112 oyunda 20 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi əvvəllər “Arxentinos Xuniors” (83 oyun, 12 qol, 9 assist) və “Boka Xuniors”da (20 oyun, 2 qol, 4 assist) çıxış edib. Argentina yığması ilə DÇ-2022-nin qalibi olmuş futbolçu millidə 16 oyuna çıxıb, 1 qol vurub.