Aleksis Salemakers və Manu Kone “Roma”da

İtaliyanın “Roma” klubu heyətini daha 2 yeni futbolçu – dayaq yarımmüdafiəçisi Manu Kone və vinger Aleksis Salemakers ilə gücləndirib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi hər iki oyunçunu icarəyə götürüb.

Kone Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubundan, Salemakers isə “Milan”dan “canavarlar”ın düşərgəsinə gəlib. Onların icarə müqaviləsinin müddəti bu mövsümün sonunadək nəzərdə tutulub və satınalma şərtini özündə ehtiva etmir.

Manue Kone peşəkar karyerasına “Tuluza”da başlayıb. O, 2021-ci ilin yanvarında 9 milyon avro müqabilində keçdiyi “Borussiya”nın heyətində 86 oyuna çıxıb, 6 qol və 4 assistlə yadda qalıb. 23 yaşlı yarımmüdafiəçi Fransanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Anderlext”in yetirməsi olan Aleksis Salemakers isə 2020-ci ilin yanvarından “Milan”dadır. 25 yaşlı belçikalı yarımmüdafiəçi İtaliya klubunun heyətində 141 oyuna çıxıb, 10 qol və 14 assistlə yadda qalıb. Salemakers ötən ötən mövsüm “Bolonya”da da icarədə olub – 32 oyun, 4 qol və 3 assist.

“Roma”nın yeni transferi 2020-ci ilin oktyabr ayında debüt etdiyi Belçika yığmasında da 12 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Temmi Abraham “Milan”a üz tutdu

“Roma”nın hücumçusu Temmi Abraham isə icarə əsasında əks düşərgəyə – “Milan”a keçib. 26 yaşlı ingiltərəli hücumçu da mövsümün sonuna kimi icarə əsasında bu komandada çıxış edəcək.

Abraham “Çelsi”nin yetirməsidir. “Bristol Siti”, “Suonsi Siti”, “Aston Vilal” kimi klublarda da oynamış Temmi, 2021-ci ildən “Roma”dadır. O, “canavarlar”ın heyətində meydana çıxdığı 120 oyunda 37 qol vurub, 13 məhsuldar ötürmə verib. Temmi 2017-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasında da 11 matç keçirib, 3 qol vurub, 1 assist edib.

“Milan” Abrahamdan başqa da iki oyunçunu rənglərinə bağlayıb. İtaliya nəhəngi Niderlandın “Ayaks” klubundan Silvano Vosu transfer edib. 3 milyon avroya alınmış 19 yaşlı dayaq yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

“Qoca sinyora” Avstriyanın “Zalsburq” klubunun hücumçusu Nikolo Turkonu da satınalma şərti ilə bu mövsümün sonunadək icarəyə götürüb. 20 yaşlı italiyalı vinger kimi də oynaya bilir.

Yeri gəlmişkən, Manu Koneni “Roma”ya icarəyə vermiş “Borussiya”da daha bir futbolçu komandanı tərk edib. 33 yaşlı yarımmüdafiəçi Kristof Kramer azad agent kimi Mönhenqladbax klubundan ayrılıb. Hazırda azad agent olan almaniyalı futbolçunun karyerasını harada davam etdirəcəyi bilinmir. O, “Borussiya”nın heyətində 288 oyun keçirib, 11 qol və 14 məhsular ötürmə verib. “Boxum”, “Bayr” kimi klubların da şərəfini qorumuş Kramer, Almaniya millisinin heyətində 12 oyun keçirib.