Xeyli müddət idi zədədən əziyyət çəkən Braziliya millisinin sabiq hücumçusu Aleşandre Pato karyerasını davam etdirməyə qərar verib.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bu ilin yanvarında ABŞ-ın “Orlando Siti” klubundan ayrılandan bəri işsiz idi.
Amma o, bu gün Braziliyanın “San Paulo” klubu ilə müqavilə bağlayıb. Təcrübəli forvard 2023-cü ilin sonuna kimi bu komandanın uğurları üçün çalışacaq.
O, köhnə-yeni klubu ilə müqavilə imzaladıqdan sonra fikirlərini bölüşüb: “Motivasiyam hər zaman eynidir. “San Paulo”ya təşəkkür edirəm. Bu klubun futbolçu karyeramda hər zaman fərqli bir yeri var”.
Xatırladaq ki, Aleşandre Pato “Orlando Siti”yə məhz “San Paulo”dan azad agent kimi ayrılaraq keçmişdi. O, MLS klubu ilə 1 illik müqaviləyə imza atmışdı. Braziliyalı hücumçu bu komandada 32 oyuna çıxıb, 4 qol və 5 asistlə yadda qalıb. Onun “San Paulo” karyerası isə 105 oyun, 32 qol və 15 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı futbolçu karyerası ərzində “Milan” (İtaliya), “Korintians” (Braziliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Tyantzin Tyantsyan” (Çin) kimi klublarda çıxış edib.
Pato Braziliya yığmasında 27 oyun keçirib, 10 qol vurub.