Alessandro Bastoni və Hakan Çalhanoğlu “İnter”də qaldı – Rəsmi

İtaliyanın “İnter” klubu mərkəz müdafiəçisi Alessandro Bastoni və yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hakanın yeni müqaviləsinin müddəti 2027-ci ilin, Bastoninin sözləşməsinin müddəti isə 2028-ci ilin 30 iyununa qədər uzadılıb. Hər iki futbolçunun əvvəlki müqaviləsinin müddəti 2024-cü ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Alessandro Bastoni “İnter”ə 2017-ci ilin avqustunda “Atalanta”dan 31,1 milyon avro qarşılığında keçib. İtaliyadan olan 24 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 164 oyunda 3 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Atalanta”dan başqa “Parma”nın da formasını geyinib. Bastoni İtaliya milli komandasında da 17 oyuna çıxıb, 1 qol vurub.

Hakan Çalhanoğlu isə “İnter”ə 2021-ci ilin yayında “Milan”dan azad agent kimi keçib. O, indiki komandasında 95 oyuna çıxıb, 12 qol və 21 assistlə yadda qalıb. Türkiyə millisinin də üzvü olan 29 yaşlı futbolçu daha öncə “Milan”dan başqa “Bayer”, “Karlsrue” və “Hamburq” kimi Almaniya klublarında çıxış edib. Yarımmüdafiəçi Türkiyə millisində 78 oyun keçirib, 17 qol vurub.

Yeri gəlmişkən, “İnter” gənc müdafiəçisi Edoardo Sottinini də “Çittadella” klubuna satıb. Amma transferin detalları açıqlanmır. 20 yaşlı futbolçu Milan klubunun öz yetirməsi idi. Mərkəz müdafiəçisi bu klubun əsas komandasında debüt şansı qazanmamışdı. O, “Pistoyese”, “Triestina” və “Avellino” kimi klublarda icarədə də oynayıb.