Alessandro Bastoni və Tyaqo Motta – Martın ən yaxşıları!

“İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni İtaliya A Seriyasında mart ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Azarkeşlərin əksəriyyəti xüsusi sorğuda məhz italiyalı müdafiəçiyə səs veriblər. Nəticədə “İnter”in futbolçusu karyerasında ilk dəfə belə bir uğura imza atıb.

Xatırladaq ki, Alessandro Bastoni “İnter”ə 2017-ci ilin avqustunda “Atalanta”dan 31,1 milyon avro qarşılığında keçib. İtaliyadan olan 24 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 164 oyunda 3 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Atalanta”dan başqa “Parma”nın da formasını geyinib. Bastoni İtaliya milli komandasında da 17 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 25 yaşlı italyan müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Bu mövsüm A Seriyasında ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı belədir:

Sentyabr 2023 – Rafael Leao (“Milan”)
Oktyabr 2023 – Luataro Martines (“İnter”)
Noyabr 2023 – Paulo Dibala (“Roma”)
Dekabr 2023 – Kristian Pulişiç (“Milan”)
Yanvar 2024 – Duşan Vlahoviç (“Yuventus”)
Fevral 2024 – Paulo Dibala (“Roma”)

“Bolonya”nın baş məşqçisi, italiyalı mütəxəssis Tyaqo Motta isə mart ayında İtaliya A Seriyasının ən yaxşı məşqçisi seçilib.

Motta “Bolonya”nı 2022-ci ilin sentyabrından çalışdırır. Tyaqonun “Bolonya” ilə müqaviləsi cari ilin iyun ayının sonuna qədər qüvvədədir.

Motta bu mövsüm ikinci dəfə A Seriyasında ayın ən yaxşı məşqçisi seçilir. O, ötən ay da bu mükafata layiq görülmüşdü. 2023/2024 mövsümünün əvvəlki aylarında ayın ən yaxşısı seçilmiş məşqçilərin siyahısını təqdim edirik:

Avqust 2023 – Roberto Daversa (“Leççe”)
Sentyabr 2023 – Alessio Dionisi (“Sassuolo”)
Oktyabr 2023 – Simone İnzaqi (“İnter”)
Noyabr 2023 – Massimiliano Alleqri (“Yuventus”)
Dekabr 2023 – Vinçentso İtalyano (“Fiorentina”)
Yanvar 2024 – Simone İnzaqi (“İnter”)
Fevral 2024 – Tyaqo Motta (“Bolonya”)
Mart 2024 – Tyaqo Motta (“Bolonya”)