Alessandro Florensi PSJ-dən ayrıldı

Futbol üzrə İtaliya yığmasının müdafiəçisi Alessandro Florensi Fransanın PSJ klubundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu bunu sosial şəbəkə hesabında yaydığı vida mesajı ilə açıqlayıb.

İtaliyalı sağ cinah müdafiəçisi Paris təmsilçisinə və ona bu komandada oynamaq imkanı yaradan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Alessandro Florensi müqavilə ilə İtaliyanın “Roma” klubuna məxsusdur. Lakin o, ötən mövsümü icarə əsasında PSJ-də keçirib. Bu komandada 36 matça çıxan futbolçu, 2 qola da imza atıb.

İtaliya millisinin heyətində Avropa çempionu olan Florensi, yenidən “Roma”ya qayıdacaq. Lakin onun bu komandada qalıb-qalmayacağına yeni baş məşqçi Joze Mourinyo qərar verəcək.

“Roma”nın öz yetirməsi olan Florensi, vaxtilə “Krotone” və “Valensiya”da da icarədə oynayıb. O, “canavarlar”ın heyətində meydana çıxdığı 280 matçda 28 qol vurub.