Alexandro Qarnaço gözəl qol vurduğu butslarını hədiyyə verdi

“Mançester Yunayted”in argentinalı sol vingeri Qarnaço Premyer Liqanın 13-cü turunda “Everton”a gözəl qol vurduğu butslarını hədiyyə edib.

Arena.az xatırladır ki, Alexandro Qarnaço səfərdə, “Qudison Park”da “Everton”un qapısına vurulmuş 3 qoldan ilk qolun müəllifi olub və qolu gözəl akrobatik tullanışla başı üzərindən zərbə ilə uzaq “doqquzluğ”a göndərib.

Qarnaçonun gözəl ifası baxımlı alınıb və hətta Premyer Liqa mövsümünün, eləcə də “Puşkaş Mükafatı”nın iddiaçısı sayıla biləcək səviyyədədir. Oyundan sonra Qarnaço həmin qolu vurduğu butslarını yeniyetmə azarkeşə bağışlayıb.

Qarnaçonu hələ yeniyetmə ikən “qırmızı şeytanlar”ın skautları “Atletiko Madrid” futbol məktəbindən “oğurlayaraq”, “Mançester Yunayted” futbol akademiyasına cəlb ediblər. Argentinalı vinger mankunianlıların əsas komandasına 2022-ci ilin iyulunda keçirilib. Qarnaçonun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qarnaço “qırmızı şeytanlar”ın heyətində 17 oyuna 2 qol vurub. Argentinalı vingerin İngiltərə nəhənginin heyətində ümumi çıxışı rəqmlərin gözü ilə belə mənzərə yaradır: 53 oyun, 7 qol, 5 məhsuldar ötürmə.

Perspektivli gənc vinger “Mançester Yunayted”lə İngiltərə Liqa Kubikunu (2023) qazanıb.

Alexandro Qarnaço 2023-cü ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 3 oyun keçirib, 51 dəqiqə meydanda olub. məhsuldar fəaliyyətin ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 19 yaşlı Alexandro Qarnaçonu 25 milyon avro məbləğində qiymətləndirir.