Alexandro Qarnaço MY ilə yeni müqaviləyə imza atdı

İngiltərənin “Mançester Yunayted” klubu gənc yarımmüdafiəçisi Alexandro Qarnaço ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 18 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Argentina vətəndaşlığına da malik olan ispan vingerin klubla əvvəlki müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər idi.

Qarnaço yeni müqavilə imzaladıqdan sonra bunun inanılmaz hiss olduğunu söyləyib: “Bu möhtəşəm kluba qoşulanda arzum “Old Trafford”da debüt etmək, ilk qolumu vurmaq və sinəmdəki bu nişanla kuboklar qazanmaq idi. “Mançester Yunayted”də səyahətimizi davam etdirməkdən şərəf duyuram. Artıq növbəti hədəflərim və ambisiyalarım üzərində işləməyə başlamaq olar”.

Xatırladaq ki, Alexandro Qarnaço daha öncə “Xetafe” və “Atletiko” (Madrid) klublarının futbol akademiyalarında olub. O, 2020-ci ildən “Mançester Yunayted”dədir. Gənc yarımmüdafiəçi “qırmızı şeytanlar”ın əsas komandasında indiyə qədər 31 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

İspaniyada dünyaya göz açan, bu ölkənin U-18 yığmasında da oynamış Qarnaço, 2022-ci ilin martından Argentinanın U-20 millisinə dəvət alır. O, bu ölkənin yığmasında 4 oyuna 4 qol vurub.