Alexandro Qrimaldo “Benfika”nı “Bayer”ə dəyişdi

İspaniyanın “Barselona” klubunun yetirməsi, “Benfika”nın müdafiəçisi Alexandro Qrimaldo karyerasını Almaniyada davam etdirəcək. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu “Bayer”ə transfer olunub.

Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. İspaniyalı futbolçu Almaniya klubu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqaviləyə qol çəkib. O, yeni komandasına iyulun 1-dən etibarən qoşulacaq. Həmin vaxta kimi isə o, “Benfika”nın uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Alexandro Qrimaldo “Benfika”ya 2016-cı ilin yanvar ayında “Barselona”dan transfer olunub. Portuqaliya klubu həmin vaxt Kataloniya təmsilçisinə 2.10 milyon avro ödəmişdi.

Sol cinah müdafəçisi “Benfika”da indiyə qədər 301 oyuna çıxıb. İspan futbolçu bu görüşlərdə 26 qol və 65 məhsuldar ötürmə müəllifi də olub. Bu mövsüm isə o, “Benfika” forması ilə ümumilikdə 52 matça çıxıb. Bu qarşılaşmalarda 7 qol vuran arxa xətt oyunçusu 15 məhsuldar ötürmə ilə də yadda qalıb.

Qrimaldo İspaniyanın U-16, U-17, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.