Alexo Velis və Aleks Kral “Espanyol”da

İspaniyanın “Espanyol” klubu heyətini iki yeni futbolçu – hücumçu Alexo Velis və dayaq yarımmüdafiəçisi Aleks Kralla gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub Velisi İngiltərə təmsilçisi “Tottenhem”dən, Kralı isə Almaniya Bundesliqasında mübarizə aparan “Union Berlin”dən icarəyə götürüb. Hər iki futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Onların müqavilələrində satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Alexo Velis Argentinanın “Rosario Sentral” klubunun yetirməsidir. 19 yaşlı forvard Argentina klubunun əsas komandasında 62 oyuna çıxıb, 19 qol və 2 assistlə yadda qalıb. “Tottenhem” onu 2023-cü ilin avqustunda 15 milyon avro müqabilində heyətinə qatmışdı. Velis London klubunun əsas komandasında cəmi 8 oyuna çıxıb, 1 qolla yadda qalıb. Ötən mövsümün ikinci dövrəsini İspaniyanın digər klubu “Sevilya”da icarədə keçirmiş argentinalı futbolçu bu komanda 6 oyuna çıxıb.

20 yaşlı futbolçu ötən ildən Argentinanın U-20 yığmasında çıxış edir. O, bu komandanın heyətində 9 oyuna 3 qol vurub.

Aleks Kral isə Çexiyanın “Slaviya” (Praqa) klubunun yetirməsidir. “Teplitse”, “Spartak” (Moskva), “Vest Hem”, “Şalke” kimi klublarda da forma geyinmiş 26 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayından “Union Berlin”də idi. O, Almaniya klubunun heyətində 32 oyuna 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Çexiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Kral, 2019-cu ilin mart ayında debüt etdiyi əsas millidə 39 oyuna çıxıb, 2 qol və 3 assistlə yadda qalıb.

“Espanyol” sağ cinah müdafiəçisi Oskar Xillə də yollarını ayırıb. 26 yaşlı ispan futbolçu azad agent kimi “Leuven”ə keçib. O, Belçika klubu ilə 2 illik müqavilə bağlayıb.

“Elçe”nin yetirməsi olan Oskar Xil 2020-ci ildən formasını geyindiyi “Espanyol”da 114 oyun keçirib, 1 qol və 7 assistlə yadda qalıb. O, İspaniyanın Olimpiya, U-21 və U-23 yığmalarında oynayıb, əsas millidə 1 oyun keçirib.