Alexo Velis və Mikki van de Ven üçün 55 milyon avro ödədilər

“Tottenhem” heyətini iki yeni futbolçu – argentinalı hücumçu Alexo Velis və niderlandlı müdafiəçi Mikki van de Ven ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Van de Ven Almaniyanın “Volfsburq” klubundan, Velis isə Argentinanın “Rosario Sentral” komandasından London təmsilçisinə keçib. “Tottenhem” bu transferlər üçün Almaniya klubuna 40 milyon avro ödəyibsə, Argentina təmsilçisinin büdcəsini 15 milyon avro zənginləşdirib.

Hər iki futbolçu London klubu ilə 6 illik (2029-cu ilin 30 iyununa kimi) müqavilə bağlayıb.

Mikki van de Ven Niderlandın “Volendam” klubunun yetirməsidir. 22 yaşlı futbolçu “Volfsburq”a 2021-ci ilin avqustunda 3,5 milyon avro qarşılığında keçmişdi. O, Bundesliqa təmsilçisində 41 oyun keçirib, 1 qol və 3 assist müəllifi olub. Mikki Niderlandın U-21 yığmasının da formasını geyinir.

Alexo Velis isə “Rosario Sentral”ın öz yetirməsidir. 19 yaşlı forvard Argentina klubunun əsas komandasında 62 oyuna çıxıb, 19 qol və 2 assistlə yadda qalıb. O, Argentinanın U-20 yığmasında da 9 oyuna 3 qol vurub.

Yeri gəlmişkən, “Tottenhem” mərkəz müdafiəçisi Co Rodonu da “Lids”ə icarəyə verib. Uels milli komandasının da üzvü olan 25 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi Çempionşip klubunda forma geyinəcək. O, 2020-ci ildən formasını geyindiyi “Tottenhem”də cəmi 24 matça çıxıb. London klubu müdafiəçisini ötən mövsüm Fransa “Renn”inə də icarəyə vermişdi. Rodon “Suonsi Siti” və “Çeltnem Taun”da da çıxış edib. O, Uels millisində də 37 oyuna çıxıb.