“Neftçi”nin yeni transferi, Syerra Leonedən olan sol cinah vingeri Alfa Konte Azərbaycan klubuna keçidi ilə bağlı təəssüratlarını paylaşıb.
Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu klubun “Youtube” telekanalına açıqlamasında bunları söyləyib:
“Təəssüratlarım çox yaxşıdır. Düşünürəm ki, mənim üçün çox yaxşı təcrübə olacaq. Burada yaxşı atmosfer var. İlk dəfədir bu şəhərdə oluram. Amma səmimi deyim ki, gözəl şəhərdir. “Neftçi” yaxşı klubdur. Sadəcə, düşüncələrim mənə dedi ki, get. Fikirləşdim ki, mənim üçün ən yaxşısı budur. Yəni düşüncələrimin arxasınca getdim. İnandım ki, bu, mənim üçün yaxşı təklifdir və bunu qəbul etməliyəm” – deyə o bildirib.
Konte Azərbaycandan təklif alandan sonra vaxtilə “Neftçi”də oynamış həmyerlisi Julius Vobayla məsləhətləşdiyini də etiraf edib:
“Bəli, Vobayla telefon vasitəsilə əlaqə saxlamışam. O, mənə komanda haqda çoxlu xoş sözlər deyib. Fikirləşirəm ki, onun sözləri buraya gəlmək və bu möhtəşəm klubla tarix yazmaq üçün məni daha da həvəsləndirdi. Burada əsas məqsədim “Neftçi” ilə tarix yazmaq, azarkeşləri sevindirmək, komanda ilə birlikdə daha böyük uğurlara imza atmaqdır. “Neftçi”nin son 5, 6, 7 ili ilə bağlı məlumatım var. Klub haqda eşitmişəm. Bu komanda ilə tarix yazmaq niyyətindəyəm. Əlimdən gələnin ən yaxşısını etmək istəyirəm ki, komanda layiq olduğu səviyyəyə çatsın və azarkeşlərini sevindirsin”.
Konte sonda azarkeşlərə səslənib: “Azarkeşlərə demək istəyirəm ki, Alfa buradadır. Mən bura tarix yazmağa gəlmişəm. İnanıram ki, biz birlikdə çox sevinəcəyik. Sadəcə, gözləyin”.
Xatırladaq ki, “Neftçi” Alfa Konteni Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubundan 300 min avroya transfer edib. Onunla 2,5 + 1 illik müqavilə imzalanıb.
Alfa Konte Syerra Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel” (Umm Əl-Fəhm, 2021-2022), “Hapoel” (Rişon Lezion, 2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib. O, ötən ilin mart ayından formasını geyindiyi Plovdiv təmsilçisinin heyətində meydana çıxdığı 21 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Konte 2023-cü ilin noyabr ayında debüt etdiyi Syerra Leone yığmasında cəmi 2 oyuna çıxıb, fərqlənə bilməyib.