Plovdiv “Lokomotiv”inin və Syerra Leone millisinin sol cinah vingeri Alfa Konte bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. “Ağ-qaralar” Syerra Leone milli komandasının futbolçusu Alfa Konteni heyətə qatıblar. 23 yaşlı vinger yeni komandasının heyətində 20 nömrəli formanı geyinəcək.
“Neftçi” yeni transferi ilə müqavilənin müddətini və digər detalları açıqlamayıb. Lakin əldə etdiyimiz məlumata görə, paytaxt klubu Bolqarıstanın “Lokomotiv” klubuna bu transferə görə 300 min avro ödəyib.
Xatırladaq ki, Alfa Konte Syerra Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel” (Umm Əl-Fəhm, 2021-2022), “Hapoel” (Rişon Lezion, 2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib.
Konte ötən ilin mart ayından Plovdiv “Lokomotiv”ində forma geyinirdi. O, bu komandanın heyətində meydana çıxdığı 21 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Konte 2023-cü ilin noyabr ayında debüt etdiyi Syerra Leone yığmasında cəmi 2 oyuna çıxıb, fərqlənə bilməyib.


