Alfonso Dominqes DÇ-də qızıl medal qazanan 5-ci boksçumuz oldu

Alfonso Dominqes dünya çempionu tituluna yiyələnən 5-ci Azərbaycan boksçusu olub. Arena.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda qızıl medal qazanan Avropa Oyunlarının qalibinə qədər 4 təmsilçimiz belə uğura imza atıb.

Onlardan Məhəmmədrəsul Məcidov (+91 kq) 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla rekordçudur. Boksçumuz 2011-ci, 2013-cü və 2017-ci illərdə birinci yeri tutub. Yığmamıza ilk qızıl medalı 2003-cü il Banqkokda Ağası Məmmədov (54 kq) qazandırıb. Cavid Çələbiyev (56 kq) 2013-cü ildə, Elvin Məmişzadə (52 kq) isə 2015-ci ildə mundialda Azərbaycan himnini səsləndirib. Ümumilikdə 5 çempionumuz 7 qızıl medal əldə edib.

Yığmamız indiyədək dünya çempionatlarında 22 mükafata sahib olub. Komandamızın hesabında 7 qızıl, 4 gümüş və 11 bürünc medal var.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanan Alfonso Dominqes ötən gün dünya çempionatının finalında braziliyalı Keno Maçadoya qalib gəlib.