Azərbaycan boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bu gün final döyüşünə çıxıb. Arena.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə qarşılaşıb.
Döyüş rəqibin qələbəsi ilə başa çatıb. Bu üzdən də boksçumuz dünya çempionatını gümüş medalla başa vurub.
Xatırladaq ki, Dominqes Atayevə qədər ardıcıl olaraq Bill Makallister (Avstraliya), Şoxcahon Abdullayev (Özbəkistan) və Georgi Kuşitaşvilini (Gürcüstan) məğlub etmişdi.
Beləliklə, Azərbaycan millisi dünya çempionatını 2 medalla başa vurub. Dominqesdən öncə Məhəmməd Abdullayev (+92 kq) bürünc mükafata layiq görülmüşdü.
Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışda 107 ölkədən 538 idmançı mübarizə aparıb. Dünya çempionu tituluna yiyələnən boksçular 200 min ABŞ dolları gəlir əldə ediblər. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılıblar. Qaliblərə, həmçinin İBA-nın xüsusi kəməri də təqdim olunub.
Azərbaycan yığması mundiala tam heyətlə yollanmışdı. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyevə (92 kq) də şans vermişdilər. Lakin Məhəmmədlə Alfonsodan fərqli olaraq, digər boksçularımız mübarizəni erkən dayandırmışdılar.
Dünya çempionatında iştirak etmiş milli komandamız bu gecə Daşkənddən Bakıya qayıdacaq. Təyyarə saat 03:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.