Fransadakı Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes şəxsi “İnstagram” hesabında paylaşım edib.
Arena.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançı Paris şəhərində təşkil olunmuş turnirin həlledici qarşılaşmasına vəsiqə qazandığını xatırladıb:
“Allaha çox şükürlər olsun ki, mənə bu anları yaşamağa imkan verdi. Azərbaycan xalqına təşəkkürümü bildirirəm, məni öz oğulları kimi qarşıladılar və olimpiadada çıxış etməyə şans yaratdılar. Mən burada ölkəmi, ailəmi, övladlarımı, komanda yoldaşlarımı və bütün Azərbaycan xalqını təmsil edirəm”.
Xatırladaq ki, Alfonso Dominqes finalda Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla üz-üzə gələcək. Avqustun 10-da baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 00:34-də start veriləcək.
Xatırladaq ki, Dominqes 1/8 finalda ikiqat olimpiya çempionu Xulio Sezar la Krusu (Kuba), 1/4 finalda isə Aybek Oralbayı (Qazaxıstan), yarımfinalda isə Emmanuel Reyesi (İspaniya) məğlub edərək finala yüksəlib.
Alfonso Azərbaycanın boks tarixinə Olimpiadaların ikinci finalçısı kimi düşüb. Debütü Atlanta-1996-da gerçəkləşən boks yığmamız bunadək yalnız bir finalda təmsil olunub. Rio-2016-da Lorenso Sotomayor yarımfinalı uğurla keçib. Yalnız finalda uduzan boksçumuz Braziliyadan gümüşlə qayıdıb.
Azərbaycan boksçularının ilk medalı Sidney-2000-də əldə edilib. Həmin vaxtdan hər Olimpiadada mükafat qazanan millimizin hesabında ümumilikdə 10 medal var. Alfonsoya qədər 1 gümüş və 8 bürüncü olan yığmamızın yubiley mükafatının əyarı finalda bilinəcək.
10 medal 9 fərqli idmançının hesabındadır. Yalnız Alfonso ikinci dəfə fəxri kürsüyə qalxacaq. Tokio-2020-nin bürünc mükafatçısı bu dəfə daha yüksək əyarlı medal qazanacaq. O, qızıl medal qazanmaqla daha bir ilki gerçəkləşdirə bilər.
Alfonso Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb. O, finalda da qalib gəlsə, qızıl medal qazanacaq. Əks halda isə boksçumuz gümüş medalla kifayətlənəcək.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Millimizin heyətində hələlik iki cüdoçu – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar.



