Geridə qalan mövsümü Azərbaycan Kubokunun qalibi kimi başa vuran “Qəbələ”də İsnik Alimi əyalət təmsilçisindən ayrılır.
Arena.az-ın əldə etdiyi məlumata görə, albaniyalı mərkəz yarımmüdafiəçisi “Qəbələ” ilə yeni müqavilə bağlamaq istəmir.
Klub rəhbərliyi müqaviləsinin müddəti mövsümün sonuna kimi olan digər oyunçular kimi, Alimiyə də yeni müqavilə təklif ediblər. Amma kubokun final matçından sonra ölkəsinə yollanan İsnik, “Qəbələ”nin yeni müqavilə təklifini cavablandırmayıb. Onun hazırda digər təklifləri dəyərləndirdiyi məlum olub.
Alimini heyətində görmək istəyən klublar arasında Azərbaycan Premyer Liqasının digər təmsilçiləri – “Zirə” və “Neftçi” də var. Hazırda bu klublar da yarımmüdafiəçiyə öz təkliflərini ediblər. İsnikin yekun seçiminin necə olacağı maraqla gözlənilir.
Xatırladaq ki, İsnik Alimi “Qəbələ”yə 2021-ci ilin iyun ayında İtaliyanın “Atalanta” klubundan ayrılaraq gəlmişdi. 29 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 73 oyunda 22 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Rimini”, “Viçentsa”, “Forli”, “Lumetsane”, “İmoleze”, “Şibenik”, “Kyevo”, “Ohrid Lihnidos”, “Maserateze” kimi klublarda da forma geyinib.
Şimali Makedoniyada dünyaya göz açmış İsnik, bu ölkənin U-19 yığmasında forma geyinsə də, sonradan Albaniyanın U-21 millisində çıxış edib.