Alkantara PSJ-ni “Real Sosyedad”a dəyişdi

Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Rafinya Alkantara karyerasını İspaniyada davam etdirəcək. Arena.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Real Sosyedad” klubuna keçib.

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Real Sosyedad” Rafinyanı Fransanın PSJ klubundan icarəyə götürüb. Braziliyalı futbolçu 2022-ci ilin yayına qədər La Liqa klubunun uğurları üçün çalışacaq. Yarımmüdafiəçi yeni komandasında 17 nömrəli formanı geyinəcək.

“Barselona”nın yetirməsi olan Rafinya Alkantara, 2013-2020-ci illərdə bu klubda çıxış edib. Həmin vaxt o, “Selta” və “İnter” klublarında icarədə də oynayıb. 2020-ci ilin oktyabrından PSJ-də forma geyinən futbolçu, bu mövsüm Paris təmsilçisinin heyətində cəmi 5 matça çıxıb.