Bu ilin yayında İspaniyanın “Leqanes” klubundan azad agent kimi ayrılmış kamerunlu müdafiəçi Allan Nyom özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu azad agent qismində La Liqanın digər təmsilçisi “Xetafe”yə keçib.
Bu barədə “Xetafe” rəsmi saytı vasitəsilə məlumat yayıb. Təcrübəli oyunçu ilə müddəti bu mövsümün sonunadək (2025-ci ilin 30 iyununa qədər) nəzərdə tutulmuş müqavilə imzalanıb.
Fransada dünyaya göz açmış Allan Nyom “Nansi”nin yetirməsi olsa da, peşəkar karyerasına “Arl-Avinyon” klubunda başlayıb. O, sonralar “Udineze”, “Qranada”, “Uotford”, “Vest Bromviç” kimi klublarda da forma geyinib. “Vest Bromviç”də olarkən 2018/2019 mövsümünü “Leqanes”də icarədə keçirmiş Nyom, 2019-cu ildə “Xetafe”yə transfer olunub. O, 2022-ci ilədək bu klubun heyətində 83 oyuna çıxıb, 2 qol və 3 assistlə yadda qalıb. 2022-ci ildə “Xetafe”dən ayrılan müdafiəçi tamhüquqlu əsasda “Leqanes”ə keçib və ötən mövsümün sonunadək bu klubun uğurları üçün çalışıb. Kamerunlu futbolçu “Leqanes”də bütövlükdə 111 oyun keçirib, 4 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Bu ilin iyul ayından işsiz olan Nyom, böyük ehtimalla karyerasını elə “Xetafe”də başa vuracaq.
2012-ci ilin fevral ayında Kamerun yığmasında debüt etmiş Nyom, millidə 17 oyun keçirib, 2 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 36 yaşlı müdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.