Alleqri “Napoli” ilə qarşıdakı oyundan gözləntilərini paylaşdı

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyası 27-ci turunun “Napoli” ilə qarşıdakı səfər oyunu ilə bağlı fikirlərini paylaşıb.

Arena.az jurnalist Canluka Di Marsionun saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Beş ildir Neapolda qalib gələ bilmirik və sabah nəticə əldə etmək yaxşı olardı. Osimhenin qayıdışı onlara əminlik qazandırıb. Biz komanda kimi hərəkət etməliyik və topa sahib olduğumuz zaman meydanın rəqibə aid yarısında oynamalıyıq. Kaltsoneni (“Napoli”nin baş məşqçisi – redaktorun qeydi) tanımıram, amma Sarri ilə çox işlədiyinə görə o, mütləq oxşar xüsusiyyətlərə sahib olacaq. Oyun çətin olsa da, sonrakılar da eyni olacaq. Mən uşaqların oyununa arxayınam”, deyə Alleqri inamla vurğulayıb.

26 turdan sonra “Yuventus” A Seriyasının yarış cədvəlində 57 xalla 2-ci, “Napoli” isə 40 xalla 9-cu pillədə qərarlaşıb.

Vurğulayaq ki, “Napoli” İtaliya A Seriyasının cari çempionudur. Amma bu komanda hazırda avrokuboklara vəsiqə verəcək yerlər uğrunda mübarizə aparır. “Yuventus” isə 2-ci pillədə yerini möhkəmlətmək üçün çalışır.