Alleqri şüvənliyinə görə 5000 avro məbləğində cərimələndi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya Kubokunun finalında çıxardığı hoqqalara və şüvənliyinə görə cərimələnib.

Arena.az bu barədə jurnalist Canluka Di Martsioya istinadən məlumat verir.

Alleqri İtaliya Kubokunun finalında “Yuventus”un “Atalanta”nı məğlub etdiyi (1:0) oyunda yolverilməz davranışı müqabilində 2 oyunluq diskvalifikasiya cəzası alıb. O, bu cəza ilə yanaşı, 5000 avro məbləğində cərimə də olunub.

Mənbə vurğulayır ki, bu diskvalifikasiya İtaliya A Seriyasının oyunlarına şamil edilməyəcək, yalnız İtaliya Kubokunun oyunlarında qüvvədə olacaq.

Xatırladaq ki, oyunun 90+3-cü dəqiqəsində Alleqri görüşün baş hakimi Fabio Mareskanın, “Yuventus”un braziliyalı mərkəz müdafiəçisi Bremerə qarşı edilmiş qayda pozuntusunu dərhal qeydə almamasından son dərəcə narazı qalıb. Bundan sonra italyan mütəxəssis cin atına minib: pencəyini cırıb, yaxasını yırtıb, ehtiyat hakimin yanına qaçaraq onun üzünə qışqırmağa, səsini başına ataraq səs-küy qoparmağa başlayıb. Hakim bu şüvənliyinə görə Alleqriyə birbaşa qırmızı vərəqə göstərib.

Tribunalaraltı məkana yollanmaqla isə Alleqri burada “Tuttosport” qəzetinin direktoru, jurnalist Qvido Vaçaqoya təpinərək, mətbuat işçisini söyüb-batırıb, təhdid edərək, onun qulaqlarını qoparmaqla hədələyib. İtalyan mütəxəssis nəşri dələduzluqda ittiham edərək, baş vermiş hadisəni olduğu kimi – həqiqi işıqlandırmaqla yazması tələbində olub.

Daha əvvəl mətbuatda, “Yuventus”un Alleqrini müvafiq davranışına görə istefaya göndərə biləcəyi barədə məlumat yayılıb.