Alman Futbol İttifaqından Səudiyyə Ərəbistanına etiraz məktubu

Alman Futbol İttifaqı (DFB) Səudiyyə Ərəbistanı Futbol Federasiyasına (SAFF) etiraz məktubu ünvanlamaqla narazılığını ifadə edib.

Arena.az bu barədə “Sport Bild” dərgisinə istinadən məlumat verir.

Məktubda DFB, İspaniya Super Kubokunun yarımfinal mərhələsinin “Real” – “Atletiko” (Madrid) oyununda (5:3) alman futbolunun əfsanəsi, mərhum Frans Bekkenbauerin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi zamanı zil səslə fit çalınmasına etirazını bildirib.

Xatırladaq ki, Frans Bekkenbauer yanvarın 8-də 78 yaşında dünyasını dəyişib.

Frans Bekkenbauer qeyd-şərtsiz Almaniya futbolunun əfsanəsi hesab edilir.

Bekkenbauer futbolçu karyerası ərzində “Bayern”, “Hamburq” və ABŞ-ın “Nyu York Kosmos” klubunda çıxış edib. Ümumilikdə, Bekkenbauer klub səviyyəsində bütün turnirlərdə 620 oyun keçirib, 74 qol vurub və 75 məhsuldar ötürmə verib.

Əfsanəvi müdafiəçi-libero Almaniya yığmasının heyətində 103 oyuna 14 qol, 10 məhsuldar ötürmə ilə fərlənib.

Bekkenabauer Almaniya Bundesliqasının beşqat, Avropa Çempionlar Kubokunun üçqat, “Qızıl top”un ikiqat, 1972-ci il Avropa Çempionatının, 1974-cü il FIFA Dünya Kubokunun qalibidir. Baş məşqçi kimi Bekkenbauer UEFA Kubokunu, Fransa çempionatını, Almaniya Bundesliqasını qazanıb. O, 1990-cı ildə Almaniya yığmasına dünya çempionu adını qazandırıb.