Alman məşqçilər Çempionlar Liqasında ilkə imza atdılar

Futbol üzrə UEFA Çempionların Liqasında yeni rekord qeydə alınıb.

Arena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində ilk dəfə bir ölkəni təmsil edən 4 məşqçinin çalışdırdığı kollektivlər 1/4 finalda oynamaq hüququ qazanıblar.

Buna Edin Terziç (“Borussiya”, Dortmund, Almaniya), Yurgen Klopp (“Liverpul”, İngiltərə), Tomas Tuxel (“Çelsi”, İngiltərə) və Hansi Flik (“Bavariya”, Almaniya) nail olub. Almaniyadan olan mütəxəssislər bu göstərici ilə yeni rekord müəyyənləşdiriblər. Daha öncə heç bir ölkədən 4 məşqçi eyni vaxtda 1/4 finalda mübarizə aparmaq şansı qazanmamışdı.

Bu klublarla yanaşı, PSJ (Fransa), “Portu” (Portuqaliya), “Mançester Siti” (İngiltərə) və “Real” (İspaniya) da 1/4 finala vəsiqə qazanıb.

1/4 finalın və yarımfinalın püşkatma mərasimi martın 19-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq.