Bundesliqada bürünc medallara sahib çıxan “Leypsiq” Almaniya Kubokunda da 2022/2023 mövsümünün qalibi adını qazanıb.
Arena.az xəbər verir ki, sözügedən komanda həlledici oyunda “Ayntraxt”la üz-üzə gəlib.
Berlindəki “Olimpiya” stadionunda baş tutan qarşılaşmanı Daniel Zibert idarə edib. Oyunun ilk hissəsi qolsuz bitib. 71-ci dəqiqədə finalın nominal meydan sahibləri hesabı açıblar. Əsas vaxtın sonuna 5 dəqiqə qalmış daha bir qol vuran leypsiqlilər növbəti dəfə Almaniya kubokunun qalibi olublar.
Xatırladaq ki, “Leypsiq” tarixində 2-ci dəfə Almaniya Kubokunun qalibi olur. Sözügedən komanda ilk çempionluğunu da ötən mövsüm qazanmışdı.
Almaniya Kubokunda hamıdan çox qələbəsi olan komanda isə “Bayern”dır. Münhenlilər 20 dəfə bu turnirdə zəfər qazanıblar. “Verder” 6, “Şalke”, “Borussiya” (Dortmund) və “Ayntraxt” 5, “Köln” və “Nürnberq” 4, “Ştutqart”, “Hamburq”, “Borussiya” (Mönhenqladbax) 3 dəfə bu kubokun sahibi olub. Leypsiqin eyniadlı təmsilçisi isə kubok sayında “Fortuna” (Düsseldorf), “Kayzerslautern”, “Karlsrue”, “Drezdner” və “1860 Münhen” klublarına çatıb.
Xatırladaq ki, Marko Rozenin rəhbərlik etdiyi bu komanda daha öncə Almaniya Bundesliqasının bürünc medallarını qazanmışdı. 34 oyuna 66 xal toplamış leypsiqlilər çempion və gümüş medalçıdan – “Bayern”lə Dortmund “Borussiya”sından cəmi 5 xal geri qalıb. Bu komandanı qarşıda UEFA Çempionlar Liqasında mübarizə gözləyir.
Almaniya Kuboku
Final
3 iyun
Leypsiq – Ayntraxt 2:0
Qollar: Nkunku, 71. Soboslai, 85.