İspaniyanın “Almeriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Xixon “Sportinq”indən Dieqo Marinonu transfer edib.
İspaniyadan olan 32 yaşlı qapıçı ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb. La Liqa klubu bu transferə görə “Sportinq”ə 80 min avro ödəyib.
Tam adı Dieqo Marino Vilyar olan qapıçı “Vilyarreal” klubunun yetirməsidir. O, “Levante”də də forma geyinib. Təcrübəli qolkiper 2016-cı ildən uğurları üçün çalışdığı “Sportinq”də 222 oyuna 211 qol buraxıb. Qapıçı İspaniyanın U-19, U-20, U-21 və U-23 yığmalarında da forma geyinib.
“Almeriya” yarımmüdafiəçisi Arvin Appyanı da “Malaqa”ya icarəyə verib. 22 yaşlı vingerin bu mövsümün sonunadək aşağı liqa klubunda forma geyinəcəyi açıqlanıb.
Appya Niderlandda dünyaya göz açsa da, İngiltərədə böyüyüb və “Nottingem Forest” klubunun yetirməsidir. O, 2019-cu ildə məhz bu klubdan 8.5 milyon avro qarşılığından “Almeriya”ya transfer olunub. Appya bu komandanın heyətində meydana çıxdığı 62 oyunda cəmi 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, əvvəlki mövsümlərdə “Luqo” və “Tenerife”də də icarədə oynayıb. Yarımmüdafiəçi İngiltərənin U-16, U-17, U-18 və U-19 yığmalarının da formasını geyinib.