Türkiyənin “Altay” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Mert Nobre çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nobre mövsümün sonuna qədər “Altay”a rəhbərlik edəcək. 41 yaşlı mütəxəssis bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Mustafa Dənizlini əvəz edib. O, bu mövsümün əvvəlindən sözügedən komandada idman direktoru kimi fəaliyyət göstərirdi. Klubu və futbolçuları daha yaxşı tanıdığı üçün, rəhbərlik baş məşqçi postunu məhz ona həvalə etməyə üstünlük verib.
Mert Nobre daha öncə “Gənclərbirliyi”nin baş məşqçisi olub. O, əvvəllər “Akhisar Bələdiyyəspor” və “Hatayspor”da köməkçi-məşqçi kimi də çalışıb.
Mustafa Dənizli 2021-ci ilin aprelindən “Altay”ı çalışdırırdı. O, bu komandanı ötən mövsümün nəticələrinə əsasən 18 illik fasilədən sonra Super Liqaya çıxarmışdı. 72 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Super Liqada 13 oyundur qələbəyə həsrət qalan komanda 20 oyuna topladığı 18 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.


