“Altay” yeni baş məşqçisini rəsmən açıqladı

Türkiyənin “Altay” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Sərkan Özbalta çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə İzmir təmsilçisi mövsümün sonunadək anlaşıb.

Sərkan Özbalta ötən gün istefaya göndərilmiş Mərt Nobreni əvəz edib. Hansı ki, Nobre təxminən iki həftə öncə istefaya göndərilmiş Mustafa Dənizlinin əvəzində baş məşqçi təyin olunmuş, lakin ardıcıl 3 məğlubiyyətin ardından postu ilə vidalaşmaq məcburiyyətində qalmışdı.

Özbalta futbolçu karyerası dönəmində də “Altay”da çıxış edib. Keçmiş yarımmüdafiəçi 1999-2002-ci illər aralığında bu komandanın uğurları üçün çalışıb. Bir sözlə, o, 20 illik fasilədən sonra İzmir klubuna qayıdıb.

Türkiyəli mütəxəssis 2018-ci ildən məşqçilik karyerasına başlayıb. O, əvvəlcə “Keçiörengücü”, ötən mövsüm isə “Manisa” klubunda baş məşqçi kimi fəaliyyət göstərib.

“Altay” bu mövsüm Super Liqada 23 oyuna topladığı 18 xalla 19-cu pillədə qərarlaşıb.