Alvaro Morata: “Məni uşaqlarımın yanında təhqir edirdilər”

“Atletiko”nun keçmiş hücumçusu Alvaro Morata Madrid klubunun heyətində çıxış edərkən “yediyi” ağır tənqidlərdən söhbət açıb.

Arena.az “Marca” nəşrinə istinadən, ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Hər dəfə uşaqlarımla vaxt keçirəndə elə məqam olurdu ki, insanlar oyunlarda baş vermiş hadisələr barədə mənimlə danışırdılar, bəzən hətta qəzəbsiz. Nəhayət, adi bir atanın öz uşaqları ilə etdiyi kimi, uşaqlar da mənimlə dükan-bazara getmək istəyindən soyumağa başladılar. Elə vaxtlar olub ki, onların hüzurunda mənim ünvanıma o qədər çox üyüdüb-tökürdülər ki, onların yanında dayanmağa utanırdım. Mən asan bir hədəf idim, ətrafımdakı hər kəsi güldürə biləcək bir lətifə idim”, deyə Morata xatırlayıb.

Xatırladaq ki, Alvaro Morata bu ilin yayında, iyulda Madrid “Atletiko”sundan ayrılaraq “Milan”a keçib. Moratanın “rossoneri”nin düşərgəsinə keçidi “Milan”a 13 milyon avro məbləğində başa gəlib. İspan futbolçu “Milan”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Cari mövsümdə Morata “Milan”ın heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Təcrübəli hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Morata “döşəkçilər”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 21 qol vurub, 5 məhsuldar ötürmə verib. Moratanın “Atletiko”nun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 154 oyun, 58 qol, 14 məhsudlar ötürmə.

Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 80 oyuna 36 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib. Morata bu il İspaniya yığması ilə Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan hücumçunun transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.