Alvaro Morata “Milan”a keçidini təsdiqlədi

Madrid “Atletiko”sunun və İspaniya yığmasının mərkəz hücumçusu Alvaro Morata “Milan”a keçidi ilə bağlı sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən, ispan futbolçunun bu barədə cavabını təqdim edir:

“Üç həftə əvvəl demişdim ki, “Atletiko” ilə kubok qazanmaq mənim arzumdur? Mən saxta və olmadığım biri olmaq istəmirəm. Mənim üçün “Atletiko” forması ilə kubok qazanmaq Avropa çempionatını qazanmaq deməkdir. Bu, mənim üçün dəyərlidir, çünki qələbə zamanı mən məhz bu kluba məxsus idim və “Atletiko”nun gerbi qalxanlarımda əks edilmişdi. Bu, mənim üçün vacibdir.

“Milan”a keçməkdən danışsaq, hələ də tibbi müayinədən keçməliyəm, amma bəli, ora köçürəm”, deyə Morata vurğulayıb.

Xatırladaq ki, daha əvvəl “Milan”ın Moratanın “Atletiko” ilə müqaviləsindəki 13 milyon avro məbləğində təzminat haqqını “döşəkçilər”ə ödəməyə hazır olduğu haqda məlumat yayılmışdı.

Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib. Moratanın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Morata “döşəkçilər”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 21 qol vurub, 5 məhsuldar ötürmə verib. Moratanın “Atletiko”nun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 154 oyun, 58 qol, 14 məhsudlar ötürmə.

Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 80 oyuna 36 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan hücumçunun transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.