Alvaro Morata “Milan”da – Rəsmi

Futbol üzrə İspaniya millisinin və Madrid “Atletiko”sunun mərkəz hücumçusu Alvaro Morata bundan sonra “Milan”ın formasını geyinəcək.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

İspan futbolçu Milan şəhərinin eyniadlı klubu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Müqaviləyə daha bir il mövsümə yenilənməsinin mümkünlüyü ilə bağlı maddə də daxildir.

Keçid “Milan”a 13 milyon avro məbləğində başa gəlib. Morata “Milan”da “7” nömrə altında çıxış edəcək.

Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Morata “döşəkçilər”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 21 qol vurub, 5 məhsuldar ötürmə verib. Moratanın “Atletiko”nun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 154 oyun, 58 qol, 14 məhsudlar ötürmə.

Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 80 oyuna 36 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib. O, bir müddət öncə İspaniya millisi ilə Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan hücumçunun transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.