Alvaro Texero “Espanyol”a gəldi, Martin Breytueyt ayrıldı

İspaniyanın “Eybar” klubunun sağ cinah müdafiəçisi Alvaro Texero bundan sonra “Espanyol”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Espanyol” bu transfer üçün artıq xərcə düşməyib. Belə ki, Texero “Eybar”dan azad agent kimi ayrılıb və yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Madrid “Real”ının yetirməsi olan Alvaro Texero “Albasete” və “Saraqosa” kimi klublarda da forma geyinib. 28 yaşlı ispan müdafiəçi “Eybar”ın heyətində meydana çıxdığı 137 oyunda 8 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

“Espanyol” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Martin Breytueyt azad agent kimi “Qremio”ya keçib. 33 yaşlı danimarkalı forvardın Braziliya klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır. O, 2022-ci ilin sentyabrından formasını geyindiyi “Espanyol”da 78 oyuna çıxıb, 32 qol vurub, 5 assistlə yadda qalıb. O, “Tuluza”, “Esbyerq”, “Barselona”, “Leqanes”, “Midlsbro”, “Bordo” kimi klublarda da oynayıb. Breytueyt Danimarka millisində 69 oyuna 10 qol vurub.

“Espanyol”un hücumameyilli yarımmüdafiəçisi Niko Melamed isə azad agent kimi “Almeriya”ya keçib. 23 yaşlı ispaniyalı futbolçu yeni klubu ilə 6 illik müqavilə imzalayıb.

“Espanyol”un yetirməsi olan Melamed bu klubun əsas komandasında 138 oyuna çıxıb, 14 qol və 12 assistlə yadda qalıb. O, İspaniyanın U-19 və U-21 yığmalarında da oynayıb.

“Espanyol”un albaniyalı mərkəz yarımmüdafiəçisi Keidi Bare də “Saraqosa”ya keçib. 26 yaşlı futbolçu yeni klubu ilə azad agent kimi 3 illik müqavilə bağlayıb.

Keidi Bare futbola öz ölkəsində başlasa da, Madrid “Atletiko”sunun yetirməsi hesab olunur. “Apoloniya”, “Malaqa” kimi klublarda da forma geyinmiş futbolçu “Espanyol”da 119 oyuna 1 qol və 7 assistlə yadda qalıb. Albnaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Bare, ölkəsinin əsas millisində 29 oyuna çıxıb, 2 qol vurub.

“Espanyol” sağ cinah müdafiəçisi Ruben Sançesi də “Qranada”ya icarəyə verib. 23 yaşlı ispan futbolçu qarşıdakı mövsümün sonunadək icarədə olacaq. Daha öncə “Mirandes”də də icarədə oynamış futbolçu “Espanyol”da 29 oyuna 3 assistlə yadda qalıb.