Alvaro Valyes “Las Palmas”ı tərk etdi

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Las Palmas” klubu ilə futbolçusu Alvaro Valyes və Pexinyo ilə yollarını ayırıb.

Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Tam adı Fransisko Xesus Krespo Qarsiya ilə olan Pexinyo icarə əsasında “Elçe”yə keçib. 28 yaşlı ispan futbolçu cari mövsümün sonunadək icarədə olacaq. Onun “Las Palmas”la müqaviləsi isə 2026-cı ilin 30 iyununa qədərdir.

Pexinyo İspaniyanın “Barbate” və “Kadis” klublarının yetirməsidir. O, “Los Barrios”, “Konil”, “Sevilya” kimi klublarda da çıxış edib. Sağ vinger kimi çıxış edən ispan futbolçu 2020-ci ilin avqustundan “Las Palmas”ın sıralarındadır. O, bu klubun əsas komandasında 94 oyuna çıxıb, 18 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Alvaro Valyes isə “Las Palmas”dan birdəfəlik ayrılıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 27 yaşlı qapıçı hazırda azad agent kimi özünə yeni klub axtarışındadır.

Valyes “Betis”in yetirməsidir. “Gerena”da da oynamış ispa qolkiper 2018-ci ildən “Las Palmas”ın uğurları üçün çalışırdı. O, bu klubun əsas komandasında 138 oyuna çıxıb, 148 top buraxıb, 47 matçda qapısının toxunulmazlığını təmin edə bilib.