İspaniyanın “Kadis” klubunun cinah yarımmüdafiəçisi Alvaro Ximenes Cənubi Azərbaycan təmsilçisi “Traktor”a transfer olunub.
Arena.az xəbər verir ki, 28 yaşlı vinger Təbriz klubuna icarə əsasında keçib.
İspan futbolçu 2024-cü ilin 30 iyununa kimi “Traktor”un uğurları üçün çalışacaq. O, Təbriz təmsilçisinin ispan baş məşqçisi Pako Xemesin dəvəti ilə bu komandada oynamağa razılaşıb.
Xatırladaq ki, Alvaro Ximenes 2020-ci ilin sentyabrından formasını geyindiyi “Kadis”də cəmi 12 oyuna çıxıb, 1 qol vurub. O, əvvəlki mövsümlərdə “İbitsa” və “Las Palmas”da da icarədə oynayıb. Madrid “Real”ının yetirməsi olan futbolçu daha öncə “Xetafe”, “Sportinq” (Xixon), “Albasete” kimi klubların da formasını geyinib.
“Kadis” hücumçusu Antoni Lozano, sol cinah müdafiəçisi Alfonso Espino və İsaak Karselenlə də yollarını ayırıb. Müqaviləsinin müddəti bitən bu oyunçularla yeni müqavilə bağlamağa ehtiyac duyulmayıb.
Əvəzində sözügedən klub yanvarda müvafiq olaraq “Valyadolid” və “Latsio”dan icarəyə götürdüyü Serxi Qvardiola ilə Qonsalo Eskalanteni saxlamağa qərar verib. İspaniya klubu bu transferlər üçün “Valyadolid”ə 1, “Latsio”ya isə 2,5 milyon avro ödəyib. Qvardiola ilə 2, Eskalanteylə 3 illik müqavilə imzalanıb.
“Kadis” hücumçuları Alvaro Neqredo, Ruben Sobrino, Rocer Marti və yarımmüdafiəçisi Ruben Alkarasla da yeni müqavilə imzalandığını açıqlayıb. Neqredo ilə yeni sözləşmə 2024-cü, Alkarasla 2025-ci, Sobrino və Marti ilə isə 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub.
“Kadis” heyətinə iki yeni futbolçu da cəlb edib. La Liqa təmsilçisi “Leqanes”dən 34 yaşlı hücumameyilli yarımmüdafiəçi Xavi Hernandesi, “Valyadolid”dən isə 30 yaşlı sol cinah vingeri Darvin Maçisi icarəyə götürüb. Hər iki futbolçu qarşıdakı mövsümün sonuna kimi “Kadis”də icarədə çıxış edəcək.