İngiltərənin “Mançester Yunayted” klubu ivuarlı futbolçusu, sağ vinger olan Amad Diallo ilə müqaviləsinin müddətini artırıb.
Arena.az bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir.
22 yaşlı yarımmüdafiəçi ilə 5+1 illik sözləşmə imzalanıb. Bir sözlə, Diallo ən azı 2030-cu ilin 30 iyununa qədər İngiltərə klubunun uğurları üçün çalışmağa davam edəcək.
Xatırladaq ki, Amad Diallo İtaliyanın “Atalanta” klubunun yetirməsidir. “Qırmızı şeytanlar” onu 2021-ci ilin yanvarında “Atalanta”dan 21,3 milyon avroya transfer edib. 22 yaşlı futbolçu cari mövsümdə 28 oyuna çıxıb, 6 qol və 7 assistlik performans nümayiş etdirib. Amad Mançester klubunun əsas komandasında bütövlükdə 49 oyuna çıxıb, 9 qol vurub, 9 məhsuldar ötürmə verib.
Amad Diallo “Sanderlend” və “Reyncers” kimi klublarda icarədə də olub.
Diallo 2021-ci ilin mart ayında debüt etdiyi Kot-d’İvuar yığmasında 6 oyuna çıxıb, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.