Amadu Haydara “Leypsiq”lə yeni müqavilə imzaladı

Almaniyanın “Leypsiq” klubunun və Mali millisinin mərkəz yarımmüdafiəçisi Amadu Haydara Bundesliqa təmsilçisi ilə “nikah təzələyib”.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu müqaviləsinin müddətinin daha bir il artırılmasına razılıq verib.

Bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Xəbərdə bildirilir ki, Haydara yeni sözləşməyə əsasən, 2026-cı ilin 30 iyununa qədər “Leypsiq”in formasını geyinməyə davam edəcək. Malili futbolçunun klubla əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər idi.

Almaniya mətbuatının yazdığına görə, klub Amadu Haydaraya yeni qiymət də qoyub. Belə ki, bu futbolçunu heyətinə qatmaq istəyən klublar onun sərbəst qalması üçün “Leypsiq”ə 30 milyon avro ödəməlidirlər.

Amadu Haydara 2019-cu ilin yanvar ayından “Leypsiq”in uğurları üçün çalışır. Yarımmüdafiəçi Almaniya klubunun heyətində bütövlükdə 175 oyuna çıxıb, 14 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

Mali yığmasının üzvü “Leypsiq”dən öncə Avstriyada “Liferinq” və “Zalsburq” klublarında da forma geyinib.

Haydara 2017-ci ilin oktyabr ayında debüt etdiyi Mali yığmasında da 36 oyuna çıxıb və 2 qola imza atıb.