Amar Dediç Marsel “Olimpik”ində

Avstriyanın “Zalsburq” klubunun sağ cinah müdafiəçisi Amar Dediç bundan sonra Marsel “Olimpik”inin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Bosniya və Herseqovina millisinin də üzvü olan 22 yaşlı futbolçu yeni klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

Avstriyada dünyaya göz açmış Amar Dediç peşəkar karyerasına məhz “Zalsburq”da başlayıb. O, “Liferinq” və “Volfsberger” kimi klubların da formasını geyinib. Bosniya və Herseqovinanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu 2022-ci ildən əsas millidə çıxış edir. Dediç ölkəsinin yığmasında 16 oyuna çıxıb, 1 qola imza atıb.

Marsel “Olimpik”i mərkəz müdafiəçisi kimi də çıxış edən bilən sağ cinah müdafiəçisi Bamo Meyteni isə “Monpelye”yə icarəyə verib. 23 yaşlı futbolçu cari mövsümün sonunadək icarədə olacaq.

Bamo Meyte peşəkar karyerasına “Laval”da başlayıb. “Loryan”da da forma geyinmiş ivuarlı futbolçu Marsel “Olimpik”inə 2023-cü ildə cəlb olunub. O, bu komandanın heyətində 28 oyun keçirib. Kot-d’İvuarın U-23 yığmasında da oynamış müdafiəçiyə sonradan əsas millidə şans verilməyib.

Bamo Meyteni heyətinə qatmış “Monpelye” “Aljir”dən Andi Deloru da icarəyə götürüb. Fransada dünyaya göz açmış əlcəzairli hücumçu bu ölkədə “Nim”, “Ayaçço”, “Mets”, “Tur”, “Kan”, “Tuluza”, “Nitsa”, “Nant” kimi klubların da şərəfini qoruyub. O, hətta 2018-2021-ci illər aralığında elə “Monpelye”də çıxış edib. 33 yaşlı hücumçu İngiltərədə “Uiqan”, Meksikada “UANL Tiqres”, Qətərdə “Umm Salal” kimi klublarda legioner həyatı yaşayıb. Fransanın U-20 yığmasında oynamış Delor 2019-cu ildən Əlcəzair millisinin uğurları üçün çalışır.