Amerika Kubokunda çəhrayı vərəqələr tətbiq ediləcək

2024-cü il Amerika Kubokunda hakimlər oyunlarda ənənəvi sarı və qırmızı vərəqələrlə yanaşı çəhrayı vərəqələrdən istifadə edəcəklər.

Arena.az bu barədə AS internet-nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, bu vərəqələr futbolçunun kəllə-beyin zədəsi alması və dəyişdirilməsi gərək olduğu halda istifadə ediləcək. Əvəzetməni həyata keçirmək üçün isə komanda məşqçiləri hakimləri əvvəlcədən xəbərdar etməlidirlər. Müvafiq əvəzetmə hər oyunda yalnız bir dəfə olacaq.

Xatırladaq ki, 2024-cü il Amerika Kuboku iyunun 20-dən iyulun 14-nə qədər Amerika Birləşmiş Ştatlarının 14 şəhərinin 14 stadionunda keçiriləcək. Atlantanın “Mersedes-Bents” stadionunda keçiriləcək açılış oyununda Argentina yığması Kanada – Trinidad və Tobaqo oyununun qalibi ilə oynayacaq. Final Mayami-Qardensdəki “Hard Rok Stedium”da baş tutacaq.

Amerika Kubokunun final oyunu 2024-cü il Avropa çempionatının final oyunu ilə eyni gündə keçiriləcək.