Amil Yunanov 200-ə çatdı

2024-cü ilin əvvəlindən “Kəpəz”in uğurları üçün çalışan Amil Yunanov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 30-cu turuna təsadüf edib.

31 yaşlı hücumçu Gəncə təmsilçisinin “Səbail”lə səfər matçında (3:3) şans qazanıb. Amil 200 oyunda 52 qola imza atıb.

Yunanovun Azərbaycan çempionatlarında debütü 2010/2011 mövsümündə “Qəbələ”nin heyətində gerçəkləşib. Yunanov ilk klubunda 7 (1 qol), “Sumqayıt”da 91 (28 qol), “Şamaxı”da 61 (14 qol), “Səbail”də 29 (6 qol), “Kəpəz”də 12 (3 qol) oyun keçirib.

Xatırladaq ki, müqavilə ilə “Səbail”ə məxsus olan Amil Yunanov “Kəpəz”ə bu qış fasiləsində icarə əsasında keçib. O, bu mövsümün sonuna kimi Gəncə klubunun uğurları üçün çalışacaq.