Ötən mövsümü “Kəpəz”də icarədə keçirmiş “Səbail”in hücumçusu Amil Yunanov bundan sonrakı karyerasını Albaniyada davam etdirəcək.
Arena.az xəbər verir ki, 31 yaşlı forvard bu ölkənin Super Liqa təmsilçisi “Bilis”lə anlaşıb.
Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Xatırladaq ki, Amil Yunanov son mövsümü “Kəpəz”də keçirib. O, bu ilin yanvar ayında “Səbail”dən icarə əsasında Gəncə klubuna keçmişdi. 31 yaşlı forvard “Kəpəz”in heyətində 15 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Səbail”, “Sumqayıt”, “Keşlə”, “Qəbələ” kimi klubların da formasını geyinib.
Qeyd edək ki, hazırda Albaniya çempionatında daha bir azərbaycanlı futbolçu – Zamiq Əliyev də forma geyinir. O, bu yay “Araz-Naxçıvan”dan azad agent kimi ayrılaraq Albaniya çempionu “Eqnatiya”ya keçib. Müdafiəçi bu komandanın heyətində 6 oyun keçirib.