Amil Yunanov və Kamran İbrahimov “Kəpəz”dən ayrıldılar

Yeni mövsümə hazırlığı davam etdirən “Kəpəz” daha iki futbolçusu – hücumçu Amil Yunanov və qapıçı Kamran İbrahimovla yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, onların klubla müddəti başa çatan müqaviləsi yenilənməyib. Bu üzdən də hər iki futbolçu “Kəpəz”i tərk edib. Gəncə klubu xidmətlərinə görə bu oyunçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Amil Yunanov bu ilin yanvar ayında “Səbail”dən icarə əsasında “Kəpəz”ə keçmişdi. 31 yaşlı forvard Gəncə klubunun 15 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Səbail”, “Sumqayıt”, “Keşlə”, “Qəbələ” kimi klubların da formasını geyinib.

Kamran İbrahimov isə 2022-ci ilin iyul ayından “Kəpəz”də idi. 25 yaşlı qolkiper Gəncə təmsilçisinin heyətində 14 oyuna çıxıb, 33 qol buraxıb, cəmi 3 matçda qapısını toxunulmaz saxlayıb. İbrahimov daha öncə yetirməsi olduğu “Neftçi”də forma geyinib.

Xatırladaq ki, “Kəpəz” daha öncə Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov və Latir Fall ilə də yollarını ayırmışdı. Yeqor Xvalko, Ehtiram Şahverdiyev və Əli Səmədov isə bu klubla yeni müqavilə bağlayıb. Gedənlərin əvəzində Gəncə klubu Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Məmməd Hüseynov (“Zirə”) və Lassana Ndiayeni (“Botev”, Bolqarıstan) transfer edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: