Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Amil Yunanov yeni mövsümdən “Səbail”də forma geyincək.
Arena.az xəbər verir ki, ötən mövsüm bitən kimi “Şamaxı”dan ayrılan 30 yaşlı forvard paytaxt klubu ilə anlaşıb.
Bu barədə “dənizçilər”in mətbuat xidməti mlumat yayıb. Müqavilənin müddəti açıqlanmasa da, hücumçunun “Səbail”lə 1 illik sözləşmə imzalayacağını hələ xeyli müddət öncə xəbər vermişdik.
Xatırladaq ki, “Şamaxı” 2022/2023 mövsümünün yekunlarına əsasən Premyer Liqanı tərk edib. Sözügedən komanda məhz Amilin köhnə-yeni klubuna “Səbail”ə uduzaraq elita ilə vidalaşıb. Yunanov da Birinci Divizionda oynamaq istəmədiyi üçün özünə yeni iş yeri axtarmağa qərar verib.
Amil Yunanov 2021-ci ilin iyul ayından “Şamaxı”da forma geyinirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində bütövlükdə 22 oyuna çıxıb, 7 qola imza atıb.
Hücumçu “Şamaxı”ya məhz “Səbail”dən ayrılaraq, azad agent kimi keçmişdi. O, 2020/2021 mövsümündə “dənizçilər”in heyətində 20 oyuna çıxıb, 8 qol və 1 assistlə yadda qalıb. Yunanov karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də uğurları üçün çalışıb. Təcrübəli oyunçu Azərbaycan milli komandasında 5 matç keçirsə də, qol vurmağı bacarmayıb.
Daha öncə öz oyunçularından Vüqar Həsənovla yeni müqavilə bağlamış “Səbail”, Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev və Bahadur Həziyevin də transferini həll etmişdi. Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayev isə komandanı tərk ediblər.


