Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Amil Yunanovun çıxış etdiyi Albaniya təmsilçisi “Bilis”in yeni baş məşqçisi açıqlanıb.
Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı bundan sonra Nevil Dede çalışdıracaq.
49 yaşlı mütəxəssis bu postda Emanuel Eqbonu əvəz edib. Onunla müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub. Dede daha öncə “Elbasani”, “Dinamo” (Tirana), “Erzeni”, “Tirana”, “Kastrioti”, “Luftetari”, “Laçi” kimi komandalarda, Albaniyanın U-19 yığmasında da baş məşqçi olub.
“Bilis” Albaniya çempionatında 6 turdan sonra 10 komanda arasında 5 xalla 9-cu sırada qərarlaşıb.
Xatırladaq ki, Amil Yunanov “Bilis”ə bu ay azad agent kimi qoşulub. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. 31 yaşlı forvard artıq yeni komandasında ilk oyununa da çxııb. Amma onun “Vlajniya” ilə oyundakı debütü uğursuz alınıb, komandası 0:2 hesabıyla məğlub olub.
Yunanov ötən mövsümü “Kəpəz”də keçirib. O, bu ilin yanvar ayında “Səbail”dən icarə əsasında Gəncə klubuna keçmişdi. 31 yaşlı forvard “Kəpəz”in heyətində 15 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Səbail”, “Sumqayıt”, “Keşlə”, “Qəbələ” kimi klubların da formasını geyinib.