İtaliyanın “Napoli” klubu Kosovo milli komandasının da üzvü olan mərkəz müdafiəçisi Amir Rahmani ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Rahmaninin yeni müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Amma tərəflər indidən həmin müqaviləyə anlaşmanı 2028-ci ilin yayına kimi uzatmaqla bağlı bənd də əlavə ediblər.
Xatırladaq ki, müdafiəçinin klubla əvvəlki sözləşməsinin müddəti 2-24-cü ilin yayında başa çatacaqdı. Lakin Amirin bu mövsüm A Seriyasındakı çempionluqda xüsusi pay sahiblərindən birinə çevrilməsi futbolçuya digər klublar tərəfindən marağı artırmışdı.
Amir Rahmani “Napoli”yə 2020-ci ilin yanvarında “Verona”dan 14.20 milyon avro qarşılığında transfer olunub. 29 yaşlı futbolçu Neapol klubunun forması ilə meydana çıxdığı 96 oyunda 7 qol və 2 məhsuldar ötürmə müəllifi də olub.
Rahmani daha öncə “Drenitsa”, “Partizani”, “RNK Split”, “Lokomotiva” (Zaqreb) və “Verona”da da oynayıb. O, daha öncə Albaniyanın U-19, U-21 yığmalarında oynayıb, bu ölkənin əsas millisində 2 matça çıxıb, 1 qol vurub. 2016-cı ildən isə futbolçu Kosovo milli komandasında çıxış edir. O, bu yığmanın heyətində 51 matça çıxıb, 6 qola imza atıb.