Amorim Fernandesin “Real”a keçidi ilə bağlı şayiələri şərh etdi

“Mançester Yunayted”in baş məşqçsisi Ruben Amorim kapitan Bruno Fernandesin “Real”a keçidi ilə bağlı şayiələri şərh edib.

Arena.az xatırladır ki, portuqal hücumameyilli yarımmüdafiəçinin “Real”da “qaymaqlılar”ın əfsanəsi, 39 yaşlı xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriçə əvəz olacağı ilə bağlı şayiələr dolaşır.

“Bu, baş verməyəcək. O, heç yerə getməyəcək. Bir gün biz yenidən İngiltərə Premyer Liqasını qazanmaq istəyirik. Ona görə də biz, ən yaxşı oyunçularımızın bizimlə qalmasını istəyirik… Bruno da getməyəcək, mən artıq ona demişəm.

Onun 30 yaşı var, amma o hələ elə gəncdir ki, çünki mövsümdə 50-55 oyun oynayır. Əgər məhsuldar ötürmələr və qollar haqda danışsaq, sanki onun yaşı ən azı 30-dan çoxdur. Odur ki, o, bizim burada görmək istədiyimiz oyunçulardandır və o, heç yerə getməyəcək”, – deyə Amorim vurğulayıb.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib. Fernandesin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 44 oyun keçirib, 16 qol vurub, 16 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 277 oyun, 95 qol və 82 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 78 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 23 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.